Tədbirlər

"27.01.2022 -ci il tarixində Avropa Kardiologiya Cəmiyyətinin Avropa Preventiv Kardiologiya Assosiasiyasının (APKA) “2021 ÜDX-nin profilaktikasına dair tövsiyələr, elmi rəhbərliklərdən klinik təcrübəyə” adlı onlayn formatda dəyirmi masa keçirilmişdir."

30.01.2022

27 yanvar 2022 -ci il tarixində  Avropa Kardiologiya Cəmiyyətinin Avropa Preventiv Kardiologiya Assosiasiyasının (APKA)  “2021 ÜDX-nin profilaktikasına dair tövsiyələr, elmi rəhbərliklərdən klinik təcrübəyə” adlı onlayn formatda dəyirmi masa keçirilmişdir. Professor C.Perk və APKA-nın  İcra Komitəsinin rəhbəri Trine Moholdtun sədrliyi ilə baş tutmuş tədbirdə Avropa İttifaqı və MDB-nin birgə 20-dən artıq ölkəsinin təmsilçiləri iştirak etmişdir. Dəyirmi masanın keçirilməsində məqsəd 2021-ci ildə işıq üzü görmüş Avropa Kardiologiya Cəmiyyətinin “Ürək-damar xəstəliklərinin profilaktikası üzrə tövsiyələr“inin müxtəlif ölkələrdə klinik təcrübəyə tətbiqinə dair həyata keçirililmiş və planlaşdırılan tədbirlər, bu işdə qarşıya çıxan çətinlikləri birgə müzakirə etmək olmuşdur.

Tədbirdə ölkəmizi Azərbaycan Kardiologiya Cəmiyyətinin Kardiovaskulyar profilaktika və reabilitasiya işçi qrupunun rəhbəri, dosent Rəhimə Qabulova təmsil etmişdir.

İlk olaraq, R.Qabulova ölkəmizin ürək-damar xəstəliklərinin çox yüksək risk bölgələri sırasında olmasını və  məhz bu səbəbdən də birincili profilaktika tədbirlərinin vacibliyini vurğulamışdır. İşçi qrupun rəhbəri yeni tövsiyələrin əsas məqamlarının Azərbaycan Kardiologiya Cəmiyyətinin Milli Konqresində kardioloqların diqqətinə çatdırıldığıını qeyd etmişdir. O, həmçinin tədbir iştirakçılarına “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya“nın icrası ilə bağlı ölkəmizdə görülən işlər barədə qısa məlumat vermişdir. Qeyd olunmuşdur ki, bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da son illər səhiyyə sisteminin əsas diqqəti COVİD-19 pandemiyasına yönəldiyindən, AKC-nin ürək-damar xəstəliklərinin profilaktikasına dair planlaşdırdığı bir çox tədbirlər təxirə salınmışdır.

Hal-hazırda Azərbaycanda ÜDX-nin ikincili profilaktikasının monitorinqinə dair aparılan beynəlxalq SURF tədqiqatı haqda məlumat verən R.Qabulova, müxtəlif bölgələrdə klinik tövsiyələrə əməl olunma səviyyəsinin öyrənildiyini qeyd etmişdir. İlkin nəticələrin artıq yerli konfrans və seminarlarda təqdim olunduğunu və ürək-damar xəstəliklərinin profilaktikasına dair vacib məqamların kardioloqların diqqətinə çatdırıldığı bildirilmişdir.

R.Qabulova Azərbaycan Kardiologiya Cəmiyyəti tərəfindən bölgələrdəki kardioloqlar, xüsusilə də ilkin səhiyyə xidmətində çalışan həkimlər üçün broşurların hazırlanmasını, seminarların keçirilməsinin planlaşdırıldığını qeyd etmiş, həmçinin sağlam həyat tərzi, risk amilləri ilə mübarizə haqda  məlumatın kütləvi informasiya vasitələrində geniş işıqlandırılmasının vacibliyini vurğulamışdır.