Tədbirlər

Azərbaycan Kardiologiya Cəmiyyətinin regional konfransı keçirilib

24.05.2019

Azərbaycan Kardiologiya Cəmiyyətinin Cəlilabad şəhərində regional konfransı keçirilib. Konfransın keçirilməsində məqsəd regionlarda çalışan həkimlərlə bilik mübadiləsi aparmaq və kardiologiyada olan son yenilikləri onlarla bölüşmək olub. 

Tədbiri giriş sözü ilə açan Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, konfrans iştirakçılarına uğurlar arzulayıb. O, həmçinin bildirib ki, Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, ölkəmizdə bütün sahələrin sürətlə inkişafı səhiyyə sistemindən də yan keçməyib. Ölkəmizin bütün şəhər və rayonlarında dünya standartlarına cavab verən müasir xəstəxana və müalicə-diaqnostika mərkəzləri tikilib istifadəyə verilib.

 

Sonra Azərbaycan Kardiologiya Cəmiyyətinin prezidenti professor Tofiq Cahangirov Azərbaycan Kardiologiya Cəmiyyətinin 10 illik fəaliyyəti barədə iştirakçılara məlumat verib. Azərbaycan Kardiologiya Cəmiyyətinin Avropa Kardioloqları Cəmiyyətinin tamhüquqlu üzvü olduğunu, bu illər ərzində Azərbaycanda kardiologiya və ürək damar cərrahiyyəsi böyük uğurlara imza atdığını konfrans iştirakçılarının diqqətinə çatdırıb.

 

Daha sonra konfransda, Azərbaycan Kardiologiya Cəmiyyətinin idarə heyətinin üzvü Elnur Azadxanov "Arterial hipertenziya. Klassifikasiya və müalicədə fərqli baxışlar" mövzusunda, Azərbaycan Kardiologiya Cəmiyyəti sədr müavini professor İsax Mustafayev "Hipolipidemik müalicənin təhlükəsizliyi", Türk Dünyası Kardioloqları Cəmiyyətinin prezidenti T.ü.f.d Firdovsi İbrahimov "Kəskin Koronar Sindrom. Medikal və İnvaziv Müalicə. Helicobacter pylori, ateroskleroz və stent restenozunun risk amilidirmi?" mövzusunda məruzə ilə çıxış ediblər.