Əsas səhifə Xəbərlər 3-cü Ürək Çatışmazlığında Yeniliklər Konqresi

Xəbərlər

3-cü Ürək Çatışmazlığında Yeniliklər Konqresi

05-07-2024

27-29 iyun 2024-cü il tarixlərində Yeni Klinika tibb müəssiəsində Azərbaycan Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə 3-cü Ürək Çatışmazlığında Yeniliklər Konqresi keçirilib. Yüksək təşkilatçılıqla hazırlanmış tədbir AKC-nin Ürək Çatışmazlığı işçi qrupunun rəhbəri Şahanə Ələsgərlinin tədbirə gələnləri salamlaması ilə start götürüb, AKC sədri Ülvi Mirzoyev tədbirin təşkilində əziyyəti keçənlərə və dəstək göstərən qurumlara təşəkkürünü bildirb. Daha sonra TƏBİB publik hüququ şəxsin icraçı direktorunun müavini Araz Nəsirov ictimai birliklərin fəaliyyətində qarşılıqlı əlaqələrin mövcudluğunun əhəmiyyətini vurğulayıb. Tədbirin rəsmi açılış mərasimi Karolinska Universitetinin professoru, Avropa Kardiologiya Cəmiyyətinin gələcək sədri Cecilia Linde, TƏBİB-in Tibbi müəssisələrdə təlimin idarə olunması şöbəsinin müdiri Elmil İsgəndərov və Yeni Klinikanın direktoru Barat Yusubovun çıxışları ilə davam edib. Doktor Barat Yusubov ölkəmizdə kardiologiyanın və kardioloji xəstələrə göstərilən tibbi xidmətin inkişafında AKC-nin verdiyi töhfələrdən danışıb. 3 gün davam edən tədbirin 1-ci günü üç fərqli mövzularda kurslar verilib. Növbəti günlərdə isə yerli və xarici ölkələrin qabaqcıl mütəxəssislərinin təqdimatında ürək çatışmazlığının idarə olunmasında ən son yeniliklər və tədqiqatlar müzakirə edilib, təcübə mübadiləsi aparılıb. Konqresdə ürək çatışmazlığının müalicəsində ən son tədqiqat nəticələri və innovativ müalicə yanaşmalarının təqdimatı həıyata keçirilib, yeni texnologiyaların və terapevtik seçimlərin pasiyentlərin müalicəsinə təsiri haqqında müzakirələr aparılıb. Həmçinin Avropa Kardiologiya Cəmiyyəti və Türkiyə Kardiologiya Cəmiyyətlərinin nümayəndələri ilə qarşılıqlı sesssialar təşkil olunub. Konqres çərçicəsində Dr Gülməmməd Hacıyevin xatirəsinə həsr olunmuş kliniki hal müsabiqəsi keçirilib. Müsabiqədə müxtəlif doktorlar bir-birindən maraqlı kliniki hal təqdimatları ilə çıxış ediblər. Dr Gülay Məmmədova “CC-TGA xəstəsində keysəriyyə əməliyyatı sonrası kəskin ürək çatışmazlığı” mövzusunda təqdimatla qalib elan olunub.

Azərbaycan Kardiologiya Cəmiyyəti, kardiologiya sahəsində tədqiqatların, təhsilin və ən yaxşı təcrübələrin təbliği istiqamətində fəaliyyətlərini genişləndirməyi hədəf götürür.

×