23-10-2025
17–19 oktyabr 2025-ci il tarixlərində AKC-nin təşkilatçılığı ilə VII Azərbaycan İnvaziv Kardiologiya Konqresi keçirildi.
Tədbirdə Azərbaycanın müxtəlif bölgələrindən və xarici ölkələrdən olan 300-dən çox kardioloq və invaziv mütəxəssis iştirak etdi. Konqresin məqsədi invaziv kardiologiya sahəsində elmi biliklərin və praktiki təcrübənin paylaşılması, yeni texnologiyaların və müasir müalicə yanaşmalarının müzakirəsi idi.
Konqresin elmi proqramı 17 oktyabr tarixində keçirilən praktik kurslarla başladı. Müxtəlif xəstəxanalarda təşkil olunan bu kurslar həkimlərin bilik və bacarıqlarının artırılmasına yönəlmişdi. Qabaqcıl mütəxəssislərin direktorluğu ilə aşağıdakı mövzularda kurslar tədris olundu.
"Yeni başlayanlar üçün CTO kursu"
"TAVİ öncəsi görüntüləmə"
"İntravaskulyar koronar görüntüləmə"
"Görüntüləmədən prosedura-Transkateter mitral qapaq təmiri"
Ardınca 2 gün davam edən konqres çərçivəsində çoxsaylı elmi sessiyalar, peyk simpoziumları, təqdimatlar və canlı yayımla invaziv müdaxilələr keçirildi. Müzakirələrdə koronar və periferik müdaxilələr, struktur ürək xəstəliklərinin invaziv müalicəsi, yeni dərman strategiyaları və kombinəolunmuş terapiyanın rolu kimi mövzular yer aldı.
Tədbirin maraqlı məqamlarından biri klinik hal müsabiqəsi oldu. Müsabiqədə gənc həkim-rezidentlər tərəfindən təqdim olunan maraqlı və tədris əhəmiyyətli klinik hallar qiymətləndirildi. Nəticələr aşağıdakı kimi oldu:
1-ci yer: “TAVİ planlanan pasientdə ciddi kalsifik periferik arter darlığı. Mümkünsüz vəziyyətindən yeni çıxış üsulu”-Dr. Cəmalə Temişova, IV kurs həkim-rezident, Universal Hospital
2-ci yer: “Spontan koronar disseksiya: gözlənilməz son, yoxsa yeni başlanğıc?”-Dr. Şövkət Cavadova, IV kurs həkim-rezident, Yeni Klinika
3-cü yer: “Trombotik subtotal sol ana koronar və LAD darlığına invaziv müdaxilə zamanı ciddi hemodinamik pozğunluğun idarə olunması. Elektriksel fırtınada həyat mübarizəsi”-Dr. Səidə Hüseynova, IV kurs həkim-rezident, Zəfəran Hospital
Tədbir həm yerli, həm də beynəlxalq ekspertlər arasında elmi əməkdaşlıq və təcrübə mübadiləsi üçün mühüm platforma yaratdı.
Azərbaycan Kardiologiya Cəmiyyəti konqresin uğurlu keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirir.