23-06-2026
Azərbaycan Kardiologiya Cəmiyyətinin Struktural Ürək Xəstəlikləri və Pulmonar Hipertenziya İşçi Qrupunun təşkilatçılığı ilə Qala qəsəbəsində uşaqlar üçün ödənişsiz tibbi müayinə aksiyası həyata keçirilib.
Sosial məsuliyyət layihəsi çərçivəsində təşkil olunan aksiya uşaqların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, ürək-damar sistemi xəstəliklərinin erkən aşkarlanması və profilaktik tibbi müayinələrin əhəmiyyətinin artırılması məqsədi daşıyıb. Tədbir zamanı iştirak edən uşaqlar həkim müayinəsindən keçirilib, onların ürək-damar sağlamlığı qiymətləndirilib, zərurət yarandığı hallarda əlavə müayinələr və ixtisaslaşmış tibbi yardım üçün müvafiq tövsiyələr verilib.
Müayinələr zamanı valideynlərlə maarifləndirici söhbətlər aparılıb, uşaqlarda ürək-damar xəstəliklərinin erkən diaqnostikasının əhəmiyyəti, sağlam həyat tərzinin təşviqi, düzgün qidalanma və müntəzəm tibbi nəzarətin vacibliyi barədə ətraflı məlumat təqdim olunub.
Aksiya çərçivəsində əsas diqqət uşaqların sağlamlığının qorunmasına, potensial risk faktorlarının vaxtında müəyyən edilməsinə və gələcəkdə yarana biləcək ürək-damar problemlərinin qarşısının alınmasına yönəldilib. Eyni zamanda, bu cür təşəbbüslər cəmiyyət arasında profilaktik tibbi müayinələrə marağın artırılmasına və sağlamlıqla bağlı maarifləndirmə işlərinin genişləndirilməsinə mühüm töhfə verir.
Azərbaycan Kardiologiya Cəmiyyəti gələcəkdə də əhalinin müxtəlif yaş qruplarını əhatə edən sosial yönümlü layihələrin və maarifləndirici tədbirlərin həyata keçirilməsini davam etdirməyi planlaşdırır. Cəmiyyətin əsas prioritetlərindən biri ürək-damar xəstəliklərinin profilaktikası, erkən aşkarlanması və əhalinin sağlamlığının qorunmasına dəstək göstərməkdir.